5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ keçirildi!
Türk Dünyası MS Araştırmalarını Destekleme Derneyi, Milli Nevroloqlar Assosiasiyası və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı və Health and Science İnitiatives-in dəstəyi ilə 8-11 iyun 2023-cü il tarixində, Hilton Baku Hoteldə təşkil olunmuş, “5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ” uğurla başa çatdı.
8 iyun tarixində konqres təntənəli açılış ilə başladı.Tədbirin açılışında Azərbaycan tərəfindən konqresin həmsədri - Nevroloqların Milli Assosiasiyasının prezidenti, ADHTİ Nevrologiya və Klinik Neyrofiziologiya Kafedrasının müdiri Prof. Rəna Şİrəlİyeva, Türkiyə tərəfindən konqresin həmsədri - Gülhane Eğitim Araştırma Hastanesi professoru Prof. Dr. Şeref Demirkaya, Türkiyə tərəfindən konqresin həmsədri - Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi professoru Prof. Dr. Hüsnü Efendi, Səhiyyə Nazirliyi nazir müavini N.Zeynalov, ADHTİ-nin rektoru Professor Nazim Qasımov, Azərbaycan tərəfindən konqresin katibi - Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Prof. Dr. Aytən Məmmədbəyli, Türkiyə tərəfindən konqresin katibi - SBÜ Avrasya Sağlık ve Sosyal Uygulama ve Araştırma Merkezi Müdürü Dos. Dr. Aynur Feyzioğlu açılış və təbrik nitqi ilə çıxış etdirlər. Sonra digər türkdilli ölkələrin nümayəndəri, Özbəkistandan Taşkent Pediatrik Tıp Enstitüsü Pediatrik Nöroloji ve Tıbbi Genetik bilim dalı professoru Prof. Dr. Yokuthan Madjiova, Qazaxıstandan Prof. Dr. Yerkin Nurgujaev, Tacikistandan Abouali ibni Sino Tacik Devlet Tıp Üniversitesi professoru Prof. Dr. Manizha Ganieva, Şimali Kipr Türk Respublikasından Özel Muayenehane uzmanı Uzm. Dr. Sıla Usar, Qırğızıstandan Qırğızıstan Dövlət Tibb Akademiyası professoru Prof. Dr. Asel Jusupova və konqresin təşkilat komutəsi üzvü - Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi Dr. Mərziyyə Məmmədova tədbir iştirakçılarını salamladılar və konqresin işlərində uğurlar arzuladılar.
Həmçinin açılış nitqində Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi və təşkilatçılar haqqında geniş məlumat verildi. Bununla yanaşı bütün Türk dünyası ölkələrinə, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasına aid videoçarxlar iştirakçılara nümayiş edildi.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlara musiqili Qala şam yeməyi töhvə edildi. Konqresin açılışına Azərbaycan milli rəqsləri, müğənni Vüqar Muradov və peşəkar instrumental musiqi qrupu rəng qatdılar. Açılış zamanı təşkilatçılara - konqresin sədrlərinə, katiblərinə, elmi və təşkilati komitənin üzvlərinə təşəkkürnamə, təltifnamə və hədiyyələr qarşılıqlı təqdim edildi.
9-10 iyun tarixlərində 13 sessiya ilə yanaşı 4 peyk simpoziumunda məruzəçilər dağınıq skleroz və əlaqəli xəstəliklərin mövcud diaqnostikası, müalicəsi və bu sahədə mövcud inkişaf haqqında müzakirələr edib, eləcə də Türk dünyası ölkələrində müxtəlif klinikalarda çalışan mütəxəsislər öz təcrübələrindən maraqlı kliniki halları iştirakçılarla paylaşdılar. 11 iyun tarixində Şifahi və E-poster təqdimatlarında türkdilli dövlətlərdə aparılan tədqiqatlar təqdim olundu. Konqresin həmsədrləri və ölkələrin nümayəndələri tərəfindən türkdilli ölkələr arasında güc birliyi yaradılmasına dair planlar müzakirə edildi. Daha sonra konqresin bağlanış mərasimi baş tutdu və bütün iştirakçılar 2024-cü ildə Şimali Kipr Türk Respublikasında keçirilməsi planlaşdırılan 6. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİNƏ dəvət edildilər. 5. Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Qeyd etmək istəyirik ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”ı əsasında Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuş və iştirakçılara 17 kredit balı, məruzəçilərə isə 22 kredit balı verilmişdir. Konqres hibrid formatda təşkil edilmişdir. Konqresdə canlı və online formatda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasından nevrologiya üzrə professor, dosent və assistentlərlə yanaşı 300-dən çox nevroloq, neyrocərrah, radioloq, pediatr, pediatrik nevroloq və s. ixtisaslı praktik həkimlər iştirak etmişdir. İştirakçılar belə interaktiv tədbirlərin mütamadi keçirilməsini təşkilatçılara bildirmişdirlər.
Sonda tədbirin təşkilatçıları - Türk Dünyası MS Araştırmalarını Destekleme Derneyi, Milli Nevroloqlar Assosiasiyası və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası təşkilati dəstəyə görə - Health and Science İnitiatives LLC və Bros Group şirkətlərinə, sponsorlara - Novartis, GEN İlaç, Roche, Abdi İbrahim, Genveon, Avita, Sopharma, Grindex, Caspi Group, Materia Medica, Medicus LN Company, Gedeon Richter, Erkim İlaç, Fortius, Aris Aliraif, Geropharm, Biofarma və Salam Doktor şirkətlərinə, media dəstəyinə görə AR Səhiyyə Nazirliyinin mətbuat şöbəsinə, AZTV və Bizim Yol portalına, eləcə də əməyi keçən hər kəsə təşəkkürlər bildirdi.
Konqresdən foto və video görüntüləri sizlərə təqdim edirik.
Fotoqalereya ▶
Youtube Video ▶
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sosial media paylaşımları:
Azərbaycan Televiziyası:
- Reportaj ▶︎